“PAŞA Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 5 % azalıb

Maliyyə
  • 18 aprel, 2025
  • 11:40
“PAŞA Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 5 % azalıb

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2024-cü ili 2,251 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 5,1 % azdır.

Ötən il “PAŞA Kapital”ın vergiyəqədərki mənfəəti 2,876 milyon manat (əvvəlki ilə nisbətən 4,3 % az), mənfəət vergisi ödəmələri isə 625 min manat (1 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Kapital”ın aktivləri 64,074 milyon manat olub ki, bu da illik müqayisədə 2,8 % azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 8,6 % azalaraq 47,558 milyon manata düşüb, balans kapitalı isə 18,8 % artaraq 16,515 milyon manata çatıb.

Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.