“PAŞA Holdinq” öhdəliklərini 5 % artırıb
- 21 may, 2024
- 05:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvarın 1-nə “PAŞA Holdinq” MMC-nin aktivləri 20,5 milyard manat təşkil edib.
“Report” holdinqə istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,2 % çoxdur.
Hesabat dövründə şirkətlər qrupunun öhdəlikləri 4,9 % artaraq 17,67 milyard manata, balans kapitalı isə 15,5 % artaraq 2,83 milyard manata çatıb.
2023-cü ildə holdinq 2,4 milyard manat gəlir əldə edib. Bu, 2022-ci illə müqayisədə 14,3 % çoxdur.
Hesabat dövründə holdinqin işçilərinin sayı 2,6 % artaraq 20 000 olub.
Ötən ilin sonuna “PAŞA Holdinq”in Azərbaycanın bank sektorunda aktivlər üzrə Bazar Payı 35,2 % təşkil edib ki, bu da əvvəlki ilin sonu ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.
Xatırladaq ki, “PAŞA Holdinq” 2006-cı ildə yaradılıb. Holdinq Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda - əsasən, maliyyə, tikinti və turizm sahələrində bir sıra müəssisələrə malikdir.