Bakı. 20 iyun.REPORT.AZ/ "PAŞA Bank" ASC Azərbaycanda hər hansı bir kommersiya bankı ilə konsolidasiyaya getməyi planlaşdırmır. "Report" xəbər verir ki, bunuBankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, "PAŞA Bank" institusional inkişaf planı çərçivəsində fəaliyyətini davam etdirmək niyyətindədir: "Başqa bankın alınması nəzərdə tutulmayıb".
T.Kazımov "PAŞA Bank"ın 4 paytaxt filialını bağlaması məsələsinə münasibət bildirib: "Bu filiallar satış məqsədi ilə yaradılmışdır. İqtisadiyyatda baş verən dəyişikliklər filial şəbəkəsinin optimallaşdırılmasını zəruri edib. Düşündük ki, həmin filialların müştərilərinə baş ofisimiz və digər filiallarımız vasitəsi ilə xidmət göstərə bilərik və bu, xərclərin azaldılması baxımından da sərfəli olar".
Bank sədri maliyyə təşkilatının regiondakı filialları barədə də fikrini bildirib: "Gəncə və Zaqatalada filiallar uğurla fəaliyyət göstərir. Onları bağlamaq fikrimiz yoxdur. Digər regionlarda tələbat olarsa, yeni filiallar açıla bilər".
"PAŞA Bank"ın İran bazarına mümkün çıxışı ilə bağlı qeyd edib ki, Bankın hələ bununla bağlı planı yoxdur. T.Kazımovun sözlərinə görə, rəhbərlik etdiyi bank hələ ki, Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir.