“PAŞA Bank” ASC bu ilin I rübünü 18,786 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 5,4 dəfə çoxdur.
Yanvar-mart aylarında “PAŞA Bank”ın gəlirləri 86,94 milyon manat (illik müqayisədə 13,3% çox), xərcləri 49,782 milyon manat (2,5% az), xüsusi ehtiyatlara ayırmaları 12,222 milyon manat (38,8% az), mənfəət vergisi ödəmələri isə 6,15 milyon manat (2,8 dəfə çox) təşkil edib.
Bu il aprelin 1-nə “PAŞA Bank”ın aktivləri 5 669,083 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 19,1% çoxdur. Bunun 2 156,596 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 20,2% böyüyüb.
Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 19,1% artaraq 5 105,41 milyon manata, o cümlədən depozit portfeli 22% artaraq 4 206,008 milyon manata, balans kapitalı isə 19,2% artaraq 563,673 milyon manata, o cümlədən nizamnamə kapitalı 6,5% artaraq 354,512 milyon manata çatıb.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 56,8%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2%-i "Ador" MMC-yə, 10% Arif Paşayevə, 5%-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.