"PAŞA Bank"ın Türkiyədəki törəməsinin xalis mənfəəti 84 % artıb
- 19 avqust, 2024
- 06:14
“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” bu ilin I yarısını 255,331 milyon lirə (12,767 milyon manat) xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 84,1 % çoxdur.
Yanvar-iyun aylarında "PAŞA Yatırım Bankası"nın vergiyəqədərki mənfəəti 240,996 milyon lirə (12,05 milyon manat, 1 il əvvələ nisbətən 30,7 % çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 14,335 milyon lirə (0,717 milyon manat, 1 il bundan əvvəl vergi ödəyib) təşkil edib.
Bu il iyulun 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 10 milyard 431,512 milyon lirə (521,576 milyon manat) olub ki, bu da illik müqayisədə 34,3 % çoxdur. Bunun 4 milyard 960,799 milyon lirəsi (248,04 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,7 % böyüyüb.
Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 30,2 % artaraq 8 milyard 871,441 milyon lirəyə (443,572 milyon manat), balans kapitalı isə 63,6 % artaraq 1 milyard 560,071 milyon lirəyə (78,004 milyon manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (25 milyon manat). Bankın səhmlərinin 71,75 %-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 28,21 %-i “PAŞA Bank”a, 0,04 %-i isə “Aksoy Holdinq”ə məxsusdur.
1 lirə = 0,05 manat