“PAŞA Bank”ın Türkiyədəki törəməsi I rübü mənfəətlə başa vurub
- 28 aprel, 2023
- 09:50
“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” bu ilin I rübünü 60,15 milyon lirə (5,414 milyon manat) xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Yanvar-mart aylarında "PAŞA Yatırım Bankası"nın faiz gəlirləri 135,465 milyon lirə (12,192 milyon manat, illik müqayisədə 70,7 % çox), faiz xərcləri 64,634 milyon lirə (5,817 milyon manat, 54,9 % çox), haqq və komissiya gəlirləri 14,442 milyon lirə (1,3 milyon manat, 74,5 % çox), qiymətli kağızların alqı-satqısından gəlirləri 17,5 milyon lirə (1,575 milyon manat, 2,1 dəfə çox), digər gəlirləri 24,734 milyon lirə (2,226 milyon manat, 6,8 dəfə çox), inzibati xərcləri 21,238 milyon lirə (1,911 milyon manat, 2,4 dəfə çox), digər xərcləri 14,549 milyon lirə (1,309 milyon manat, 2,1 dəfə çox), xüsusi ehtiyatlara ayırmaları 14,294 milyon lirə (1,286 milyon manat, 5,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 17,276 milyon lirə (1,555 milyon manat, 85,4 % çox) təşkil edib.
Bu il aprelin 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 6 283,991 milyon lirə (565,559 milyon manat) olub ki, bu da illik müqayisədə 2,1 % çoxdur. Bunun 3 493,155 milyon lirəsi (314,384 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,4 % böyüyüb.
Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 1,4 % artaraq 5 416,76 milyon lirəyə (487,508 milyon manat), balans kapitalı isə 6,3 % artaraq 867,231 milyon lirəyə (78,051 milyon manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (45 milyon manat). Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.
1 lirə = 0,09 manat