"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsinə yeni Baş direktor təyin olunub.
"Report" xəbər verir ki, bu, Ramil İmamovdur.
O, bundan əvvəl "Kapital Bank" ASC-yə məxsus "Birkart" MMC bank olmayan kredit təşkilatının (BOKT) Müşahidə Şurasının (MŞ) sədri olub və yeni vəzifəsində Gürcüstan vətəndaşı Nikoloz Şurqayanı əvəz edib.
Xatırladaq ki, ötən ay "PAŞA Bank Gürcüstan"ın Direktorlar Şurasının (DŞ) sədri də dəyişib - Fərid Məmmədovu Rövşən Allahverdiyev əvəzləyib. O, həm də "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin DŞ-nın, "Kapital Bank"ın MŞ-nın sədridir. Hər dörd maliyyə qurumu "PAŞA Holdinq" MMC-yə daxildir.
"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 129 milyon lari (83,3 milyon manat) təşkil edir. Törəmə bankın səhmlərinin 92 %-i "PAŞA Bank"a, 8 %-i isə "PAŞA Holdinq"ə məxsusdur.