Bu ilin yanvar-iyul aylarında Azərbaycanda real vaxt rejimində banklararası hesablaşmalara sistemi ilə 152 milyard manat ödəniş həyata keçirilib.
“Report” xəbər verir ki, bu barədə Bakıda “Visa Token” sisteminin təqdimatına həsr edilmiş mətbuat konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov məlumat verib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46% çoxdur.
Palata rəsmisi onu da deyib ki, son 1 ildə ölkədə emissiya edilmiş ödəniş kartlarının da sayı artıb: “Bu ilin ilk 7 ayında 7,38 milyon kart emissiya olunub. Bu isə illik müqayisədə 31,7% çoxdur. 7 ay ərzində ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatların dəyəri 11,9 milyard manat təşkil edib. Bunun 21%-i nağdsız əməliyyatlardır. Son 1 ildə nağdsız ödəniş əməliyyatları 2,8 dəfə artıb. Elektron ticarət dövriyyəsi isə 5,9 dəfə artaraq 1,66 milyard manata çatıb".
T.Rüstəmovun sözlərinə görə, təmsil etdiyi qurum nağdsız ödənişlərin həcminin artırılmasında maraqlıdır və bunun üçün işlər həyata keçirir: "Beynəlxalq telekommunikasiya birliyinin açıqladığı rəqəmlərə görə, 2018-ci ildə ölkəmizdə hər 100 nəfərə 104 mobil telefon düşüb. Bu da artıq göstərir ki, mobil ödənişlər üçün münbit şərait var. Hesab edirik ki, “Visa Token” xidmətinin banklar tərəfindən müştərilərə təqdim olunması elektron ödənişlərin inkişafında mühüm rol oynayacaq".