Pakistan Milli Bankının Bakı filialının zərəri 53 % artıb
- 26 oktyabr, 2022
- 13:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Pakistan Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 349 min manat zərərlə başa vurub.
“Report” filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 53,1 % çoxdur.
9 ay ərzində Pakistan bankının gəlirləri 272 min manat (illik müqayisədə 1,1% az), xərcləri 651 min manat (26,4 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 30 min manat (2,5 dəfə çox) təşkil edib.
Bu il oktyabrın 1-nə Pakistan bankının aktivləri 9,221 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,5 % azdır. Bunun 528 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 11,3 % kiçilib.
Hesabat dövründə Pakistan bankının öhdəlikləri 27,2 % artaraq 454 min manata, o cümlədən depozit portfeli 25,4 % artaraq 429 min manata çatıb, balans kapitalı isə 5,7 % azalaraq 8,767 milyon manata düşüb.
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialı 1996-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 9,42 milyon manatdır.
Oktyabrın 11-də Azərbaycan Mərkəzi Bankı (AMB) “Banklar haqqında” qanunun 16.1.2-ci və 17.3-cü maddələrini rəhbər tutaraq, Pakistan Milli Bankının müraciəti əsasında onun Bakı filialına verilmiş 30 iyun 2005-ci il tarixli lisenziyanı ləğv edib. Bu qərar Pakistan Milli Bankının Orta Asiya və Azərbaycan maliyyə bazarlarından çıxış üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilmiş qərardan irəli gəlib.
Lisenziyanın könüllü ləğvinə dair qərar qəbul edilərkən filialın ləğvetmə planı və təqdim edilmiş maliyyə hesabatları əsasında öhdəliklərinin icrası imkanlarının olması nəzərə alınıb. Belə ki, 30 sentyabr 2022-ci il tarixinə filialın likvid aktivləri (6,7 milyon manat) öhdəliklərini (0,5 milyon manat) dəfələrlə üstələyir. Filialın ləğvedicisi (baş menecer Sheikh Ahtsham Ahmed) qanunvericiliyə və filialın ləğvetmə planına müvafiq olaraq könüllü ləğv prosesini, o cümlədən kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirəcək. AMB qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində ləğvetmə prosesi üzrə nəzarət edəcək.