Azərbaycanda "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması ilə bağlı aparılan işlər həm dövlət büdcəsinin gəlirlərinin təmin edilməsində, həm də iqtisadi dövriyyənin şəffaflaşmasında əhəmiyyətli dəyişikliklər yaradıb.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Vergilərlə yanaşı, məcburi dövlət sosial, işsizlikdən və icbari tibbi sığorta haqlarının yığılması vergi orqanlarına həvalə edilib. Son illər vergi qanunvericiliyində və inzibatçılığında dəyişikliklər fiskal gəlirlərin əhəmiyyətli artımını təmin edib", - deyə o qeyd edib.
O.Nəzərli əlavə edib ki, bu gün vergi orqanları dövlət büdcəsinin formalaşdırılması, habelə iqtisadi inkişafın təmin edilməsində və sahibkarların dəstəklənməsində fəal iştirak edir: "Bu gün iqtisadiyyatımız qarşısında duran çağırışlar göstərir ki, vergi siyasəti qarşıdakı dövrdə də iqtisadi siyasətin həyata keçirilməsi üçün əsas tənzimləmə alətlərindən biri olmaqda davam edəcək. Ölkənin yeni iqtisadi inkişaf dövründə iqtisadiyyatının davamlılığının təmin edilməsi, böyüməsi və artımının sürətlənməsi üçün vergi siyasətinin çevik hədəflərə adaptasiya oluna bilən nəticə yönümlülüyü artmaqdadır".