İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal ümumi daxili məhsul (ÜDM) artımı ilə bağlı proqnozunu 2021-ci ilin dekabr ayında dərc edilən hesabatı ilə müqayisədə 1,5 faiz bəndi azaldaraq 3 %-ə endirib.
“Report” xəbər verir ki, bu barədə OECD-nin "İqtisadi Perspektivlər” hesabatının iyun sayında bildirilib.
OECD 2023-cü ildə isə qlobal iqtisadiyyatın 2,8 % artacağını proqnozlaşdırır.
Bundan başqa, qurum bu il Türkiyə iqtisadiyyatının 3,7 %, Avrozona iqtisadiyyatının 2,6 %, ABŞ iqtisadiyyatının 2,5%, Yaponiya iqtisadiyyatının isə 1,7 % artacağını gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə müvafiq olaraq 0,4 % çox, 1,7 %, 1,2 % və 1,7 % azdır. Türkiyə iqtisadiyyatının 2023-cü il üçün artım proqnozu 3 % olub.
Sənədə əsasən, OECD üzv ölkələri arasında ən yüksək inflyasiya bu il Türkiyədə (72 %), Argentinada (60,1 %) və Litvada (15,6 %), ən aşağı istehlak qiymətlərin artımı Yaponiyada (1,9 %), İsveçrədə (2,5 %) və Norveçdə (4,6 %) reallaşacaq.