OECD dünya iqtisadiyyatına dair proqnozunu dəyişdi

OECD dünya iqtisadiyyatına dair proqnozunu dəyişdi Dünya ÜDM-inin cari ildə 4,5 faiz azalacağı, gələn il isə 5 faiz artacağı göstərilir.
Maliyyə
1 Dekabr , 2020 19:06
OECD dünya iqtisadiyyatına dair proqnozunu dəyişdi

COVID-19 pandemiyasının səbəb olduğu böhranı dəf etmək üçün dünya iqtisadiyyatının perspektivləri yeni dərmanlarla bağlı ümidverici xəbərlər sayəsində bir qədər yaxşılaşsa da, qısamüddətli ab-hava müəmmalı qalır.

“Report” xəbər verir ki, bu fikirlər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Economic Outlook” adlı yarım illik proqnozunda irəli sürülür. Həmçinin 2021-ci ilə dair dünya ÜDM-in artımı proqnozu da azaldılıb.

“Bir çox ölkələrdə koronavirusun yenidən artması və bu səbəbdən tətbiq edilən karantin tədbirləri dünya iqtisadiyyatının cari ilin birinci yarısındakı kəskin tənəzzülündən sonrakı dirçəlişini ləngidərək yaxın gələcəkdə, çox güman ki, daha çox Avropa ölkələrində ÜDM-in azalmasına gətirib çıxaracaq”, – deyə proqnozda qeyd olunur. Bu vəziyyətin dünya boyu kütləvi peyvənd həyata keçirilənədək davam edəcəyi irəli sürülür.

Pandemiyanın ikinci dalğasının dəf olunacağını, yeni dərmanların isə geniş tətbiq olunacağı mülahizələrini əsas götürən sənəd müəlliflərinə görə 2021-2022-ci illərdə dünya iqtisadiyyatı qeyri-bərabər olmaqla tədricən dirçələcək:

“2020-ci ildə 4,2 faiz azalan dünya ÜDM-i 2021-ci ildə 4,25 faizədək, 2022-ci ildə də 3,75 faizədək artacaq. Bütövlükdə dünya iqtisadiyyatının həcmi Çində sürətli artım hesabına 2021-ci ilin sonuna doğru böhrandan əvvəlki səviyyəyə qayıdacaq, lakin böyük iqtisadiyyatların ÜDM həcmi arasında mühüm fərqlər olacaq”.

OECD tərəfindən sentyabr ayında açıqlanmış ara proqnozunda isə dünya ÜDM-inin cari ildə 4,5 faiz azalacağı, gələn il isə 5 faiz artacağı göstərilir.

Həmçinin ABŞ-dakı ÜDM-ə dair proqnoz da cari il üçün 3,8 faiz azalma əvəzinə 3,7 faiz, gələn ilə dair 4 faiz yox, 3,2 faizlik artımadək azaldılıb. 2022-ci ildə isə ölkə ÜDM-inin 3,5 faiz artacağı qeyd olunur.

Avrozonada ÜDM-in cari ildə 7,9 faiz yox, 7,5 faiz azalacağı, gələn il 5,1 faiz yox, 3,6 faiz artacağı, 2022-ci ildə isə 3,3 faiz artacağı, Çində ÜDM cari ildə 1,8 faiz, gələn il 8 faiz, 2022-ci ildə isə 4,9 faiz artacağı bildirilir. Hindistanda ÜDM bu il 9,9 faiz azaldıqdan sonra qarşıdakı iki il ərzində müvafiq olaraq 7,9 faiz və 4,8 faiz, Braziliyada bu il 6 faiz azaldıqdan sonra müvafiq olaraq 2,6 faiz və 2,1 faiz artacaq.

Son xəbərlər

Orphus sistemi