​Neftin ucuzlaşması davam edir

​Neftin ucuzlaşması davam edir "Report": "Brent" markalı neftin qiyməti 38-44 dollar/bareldə sabitləşəcək, sonra bir qərdər də ucuzlaşacaq
Maliyyə
1 Avqust , 2016 15:21
​Neftin ucuzlaşması davam edir

Bakı. 1 avqust. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti İranın neft naziri Bican Namdar Zəngənenin açıqlamaları ilə geriləməyə başlayıb. 

"Report"un "İnvesting.ru" saytına istinadən verdiyi xəbərə əsasən, neft nazirinin İran dövlət telekanalına verdiyi açıqlamasına görə, neft bazarında təklif tələbi ötüb: "Lakin tələb və təklifin tarazlanmasına nail olunması gözləntiləri mövcuddur".

Xatırladaq ki, "Reuters"in son tədqiqatları onu göstərib ki, OPEC üzvlərinin neft hasilatı iyulda tarixi maksimuma çatacaq. Belə ki, Agentliyin araşdırmalarına əsasən, iyunda orta hesabla gündəlik 33,31 mln. barel olan hasilatın iyulda 33,41 mln. barelə çatması proqnozlaşdırılır.

Bu xəbərdən sonra "Brent" markalı neftin qiyməti avqustun 1-də 43,85 dollar/bareldən 2,2% azalaraq 42,87 dollar/barelə geriləyib. Ümumiyyətlə, ABŞ neft ehtiyatlarının artması və bu ölkədə şist neft hasil edən aktiv neftqazma quyularının sayının çoxalması fonunda qiymətlər iyunun 9-dan etibarən azalmağa başlayıb. Belə ki, "Brent" markalı neft son yüksəliş trendini 52,86 dollar/barel səviyyəsində tamamladıqdan sonra iyulun 29-da bu səviyyədən 21% azalaraq 41,80 dollar/barelə qədər geriləyib. Buna baxmayaraq, hazırda "Brent"in qiyməti ilin əvvəlinə nisbətən hələ də 13% yuxarıdır.

"Report" İnformasiya Agentliyinin analitik qrupu neft qiymətlərinin qısa müddətdə 38-44 dollar/barel diapazonunda sabitləşəcəyini, daha sonra isə 30 dollara qədər azalacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi