Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) investisiya siyasəti konservativ və ehtiyatlıdır.
“Report” xəbər verir ki, bunu nazir müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Bizim üçün ən əhəmiyyətli məsələ ictimai fondların vəsaiti ilə bağlıdır. Biz burada daha çox risklərin idarə olunmasına köklənmişik. Bu baxımdan dövlət qiymətli kağızların - Maliyyə Nazirliyinin istiqrazlarının və Azərbaycan Mərkəzi Bankının notlarının alışına fokuslanmışıq. Burada da bazar və formalaşan faiz dərəcələri var. İstiqrazlar "Bakı Fond Birjası" QSC-də, bazarın tələblərinə uyğun olaraq formalaşmış qiymətlə alınır. Faizlərin aşağı düşməsi digər riskli alətlərə müraciət üçün stimul olmayacaq. Siyasətimiz konservativ və ehtiyatlıdır”, - deyə o qeyd edib.
Bundan başqa, nazir müavini deyib ki, əmək müqavilələrinin sayının artımının 90 %-i özəl sektorun payına düşür: “Həmin artımlar, iqtisadiyyatın şəffaflaşdırılması, libellaşdırılma prosesləri bizə qabaqcıl beynəlxalq təcrübələrə uyğun yanaşmaları tətbiq etməyə imkan verir”.