2020-ci ildə Naxçıvan MR-də 1 040,475 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib.
“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbərverir ki, bu, 2019-cu illə müqayisədə 2,5% çoxdur.
Ötən il sənaye məhsulunun 6,6 %-i dövlət sektorunda, 93,4 %-i qeyri-dövlət sektorunda istehsal edilib. 2010-cu ildə isə bu göstəricilər müvafiq olaraq 12,3 və 87,7 % təşkil edib.
Muxtar respublikada 2020-ci ildə ümumi daxili məhsulun sahə strukturunda sənaye 27,6 %-lik payla ilk yerdə təmsil olunub. 2010-cu ildə isə ümumi daxili məhsulun sahə strukturunda sənayenin payı 18,3 % təşkil etmiş və sıralamada 3-cü yerdə olub.
2020-ci ildə hər bir nəfərə düşən sənaye məhsulunun dəyəri 2 259,1 manat təşkil edib ki, bu da 2010-cu ildəki göstəricidən 2,9 dəfə çoxdur.
2020-ci ildə sənaye məhsulunun 0,1 %-i mədənçıxarma sənayesində, 0,4 %-i su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi, 6 %-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat müəssisələrində və 93,5 %-i emal sənayesində istehsal olunmuşdur. 2020-ci ildə emal sənayesində qeydə alınmış məhsul istehsalı 2010-cu ildəki müvafiq göstəricini 3,5 dəfə üstələmişdir. Emal sənayesi kənd təsərrüfatından və mədənçıxarma sənayesindən əldə edilən məhsulların işlənildiyi və istifadəyə hazır vəziyyətə gətirildiyi sahə olub məşğulluğun təmin edilməsində mühüm yer tutur.
Bu il yanvarın 1-nə bank və kredit təşkilatları təsərrüfat subyektlərinə 18,561 milyon manat kredit verib ki, bu da 2010-cu ildəki göstəricidən 2,6 dəfə çoxdur. Yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsini təmin edib, 2020-ci ildə 325,362 milyon dolları dəyərində sənaye məhsulları ixrac olunub. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2020-ci ildə sənaye sahəsində 16 913 nəfər işçi çalışıb ki, bu da 2010-cu ildəki müvafiq göstəricidən 31,6 % çoxdur. Bu dövr ərzində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 2010-cu ildəki göstəriciyə nisbətən 46,2 % artaraq 431,8 manat təşkil edib.