“Naxçıvan Bank”ın mənfəəti 57 % artıb

Maliyyə
  • 25 aprel, 2022
  • 10:52
“Naxçıvan Bank”ın mənfəəti 57 % artıb

“Naxçıvan Bank” ASC bu ilin I rübünü 3,509 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 56,7% çoxdur.

Yanvar-mart aylarında “Naxçıvan Bank”ın gəlirləri 5,685 milyon manat (illik müqayisədə 38,2 % çox), xərcləri 2,036 milyon manat (41,4 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 140 min manat (67,7% az) təşkil edib.

Bu il aprelin 1-nə “Naxçıvan Bank”ın aktivləri 320,391 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 19,3 % çoxdur. Bunun 149,811 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə kredit portfeli 26,1% böyüyüb.

Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 25,2% artaraq 219,176 milyon manata, o cümlədən depozit portfeli 32,6 % artaraq 149,664 milyon manata, balans kapitalı isə 8,2 % artaraq 101,214 milyon manata, o cümlədən nizamnamə kapitalı 8,9% artaraq 89,75 milyon manata çatıb.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 82,43 milyon manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.