“Naxçıvan Bank”ın depozit portfeli 34 % azalıb
- 24 iyul, 2023
- 08:02
Yeniliklərdən dərhal xəbərdar olun!
“Naxçıvan Bank” ASC bu ilin I yarısını 8,072 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 7,814 milyon manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, yanvar-mart aylarında “Naxçıvan Bank”ın gəlirləri 14,31 milyon manat (illik müqayisədə 14,4 % çox), xərcləri 5,991 milyon manat (38,3 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 659 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 906 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.
Bu il iyulun 1-nə “Naxçıvan Bank”ın aktivləri 295,773 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,9 % azdır. Bunun 199,055 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə kredit portfeli 25,8 % böyüyüb.
Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 21,4 % azalaraq 188,476 milyon manata, o cümlədən depozit portfeli 33,7 % azalaraq 112,221 milyon manata düşüb, balans kapitalı isə 3,4 % artaraq 107,297 milyon manata çatıb.
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmlərinin 63,66 %-i Hüseyn Məmmədova, 26,52 %-i Rüfət Məmmədova, 9,82 %-i isə Binnət Novruzova məxsusdur.