“Naxçıvan Bank” bu ilin I yarısını mənfəətlə başa vurub

Maliyyə
  • 19 iyul, 2022
  • 12:51
“Naxçıvan Bank” bu ilin I yarısını mənfəətlə başa vurub

“Naxçıvan Bank” ASC bu ilin I yarısını 7,814 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 3,684 milyon manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-iyun aylarında “Naxçıvan Bank”ın gəlirləri 12,51 milyon manat (illik müqayisədə 45,7 % çox), xərcləri 4,332 milyon manat (45,5 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 364 min manat (62,2 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Naxçıvan Bank”ın aktivləri 343,677 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 24,5 % çoxdur. Bunun 158,262 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə kredit portfeli 30,6 % böyüyüb.

Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 32,5 % artaraq 239,869 milyon manata, o cümlədən depozit portfeli 42,5 % artaraq 169,292 milyon manata, balans kapitalı isə 9,2 % artaraq 103,808 milyon manata, o cümlədən nizamnamə kapitalı 14 % artaraq 94 milyon manata çatıb.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.