“Naxçıvan Bank” 9 ayda 6 milyon manata yaxın xalis mənfəət əldə edib

Maliyyə
  • 26 oktyabr, 2021
  • 06:12
“Naxçıvan Bank” 9 ayda 6 milyon manata yaxın xalis mənfəət əldə edib

“Naxçıvan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 5,924 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 6,728 milyon manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, 9 ay ərzində “Naxçıvan Bank”ın gəlirləri 13,162 milyon manat (illik müqayisədə 6,1% çox), xərcləri 4,576 milyon manat (18,1% çox), xüsusi ehtiyatlara ayırmaları 1,702 milyon manat (5,8% az), mənfəət vergisi ödəmələri isə 960 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il oktyabrın 1-nə “Naxçıvan Bank”ın aktivləri 308,906 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 30,5% çoxdur. Bunun 120,596 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,4% böyüyüb.

Hesabat dövründə “Naxçıvan Bank”ın öhdəlikləri 45,1% artaraq 211,447 milyon manata, o cümlədən depozit portfeli 79,9% artaraq 150,147 milyon manata, balans kapitalı isə 7,3% artaraq 97,458 milyon manata çatıb.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 82,43 milyon manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.

Son xəbərlər

Bütün Xəbər Lenti