"Muğanbank" yeni ipoteka proqramı üçün xaricdən kredit cəlb edəcək

"Muğanbank" yeni ipoteka proqramı üçün xaricdən kredit cəlb edəcək Şaiq Ələkbərov: "Xarici bankla danışıqlar aparırıq"
Maliyyə
29 Yanvar , 2016 13:39
Muğanbank yeni ipoteka proqramı üçün xaricdən kredit cəlb edəcək

Bakı. 29 yanvar. REPORT.AZ/ "Muğanbank" ASC bu il fərdi ipoteka kreditləşməsinin inkişafı üçün xaricdən kredit cəlb etmək niyyətindədir. "Report"un xəbərinə görə, bunu Bankın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov bildirib: "Bu il üçün yeni bir layihəmiz var. Öhdəliklərə əsasən adını çəkə bilmədiyim həmin bank vasitəsilə Azərbaycanda əhali üçün yeni ipoteka proqramı hazırlayırıq və ilin ikinci yarısına təsadüf edəcək bu ipoteka proqramı çərçivəsində əhalinin bankın özəl ipoteka proqramı ilə maliyyələşməsini aparacağıq".

Onun sözlərinə görə, burada əsas məqsəd insanların kiçik aylıq ödənişlərlə uzun müddətə 1-3 otaqlı mənzillərə sahib olmasına şərait yaratmaqdır.

"Xarici bankla danışıqlar aparırıq. Yəqin ki, ikinci yarımillikdə həyata keçirəcəyik. Xaricdən kifayət qədər vəsait cəlb edəcəyik və o bankla birgə ipoteka proqramını həyata keçirəcəyik. Həmin vəsaitin bir neçə tranşla alınması nəzərdə tutulur. Yəqin ki, ilkin olaraq birinci tranş 5-10 mln. dollar olacaq. Tələbat artdıqca, əlavə vəsait cəlb olunacaq".

"Ölkədə ipotekaya ehtiyacı olan kifayət qədər insan var. Biz də bu sahəni stimullaşdıracağıq", - deyə Ş.Ələkbərov qeyd edib.

Son xəbərlər

Orphus sistemi