“Muğan Bank” ötən ilin maliyyə nəticələrini açıqlayıb
- 26 yanvar, 2022
- 13:25
Yeniliklərdən dərhal xəbərdar olun!
“Muğan Bank” ASC 2021-ci ili 1,552 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 2,2 dəfə çoxdur.
Ötən il “Muğan Bank”ın gəlirləri 62,713 milyon manat (əvvəlki illə müqayisədə 36,8% çox), xərcləri 61,22 milyon manat (27,3% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 60 min manat (98% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Muğan Bank”ın aktivləri 708,452 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 19,9% çoxdur. Bunun 393,458 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 20 % böyüyüb.
Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 22,3% artaraq 616,487 milyon manata, o cümlədən depozit portfeli 42,4% artaraq 396,852 milyon manata, balans kapitalı isə 5,9% artaraq 91,965 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,9% artaraq 107,5 milyon manata çatıb.
Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun səhmlərinin 67,74%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 11,85%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 10,65%-i Vəfa Əhməd qızı Vəliyevaya, 10,03%-isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.