“Muğan Bank”ın mənfəəti 89% artıb
- 25 aprel, 2022
- 12:08
“Muğan Bank” ASC bu ilin I rübünü 3,016 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 89,3 % çoxdur.
Yanvar-mart aylarında “Muğan Bank”ın gəlirləri 20,071 milyon manat (illik müqayisədə 28,7 % çox), xərcləri 15,221 milyon manat (9,4 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,834 milyon manat (18,5 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib,
Bu il aprelin 1-nə “Muğan Bank”ın aktivləri 662,636 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,6 % çoxdur. Bunun 413,595 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 22,5 % böyüyüb.
Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 12,1 % artaraq 567,222 milyon manata, o cümlədən depozit portfeli 30 % artaraq 325,457 milyon manata, balans kapitalı isə 2,1% artaraq 95,414 milyon manata çatıb.
Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun səhmlərinin 67,74%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 11,58%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 10,65%-i Vəfa Əhməd qızı Vəliyevaya, 10,03%-isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.