“Muğan Bank”ın mənfəəti 17 % artıb
- 26 oktyabr, 2022
- 11:09
“Muğan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 703 min manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 16,8 % çoxdur.
9 ay ərzində “Muğan Bank”ın gəlirləri 62,767 milyon manat (illik müqayisədə 48 % çox), xərcləri 48,5 milyon manat (13,3 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 13,564 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “Muğan Bank”ın aktivləri 743,515 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,5 % çoxdur. Bunun 428,741 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,1 % böyüyüb.
Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 17,7 % artaraq 649,497 milyon manata, o cümlədən depozit portfeli 33,3 % artaraq 410,225 milyon manata, balans kapitalı isə 2 % artaraq 94,019 milyon manata çatıb.
Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 107,5 milyon manatdır. Bankın səhmlərinin 67,74%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 11,58%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 10,65%-i Vəfa Əhməd qızı Vəliyevaya, 10,03%-isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.