“Muğan Bank”ın əmanətçiləri kompensasiyalarını necə ala bilər?

“Muğan Bank”ın əmanətçiləri kompensasiyalarını necə ala bilər? Noyabrın 27-dən Əmanətlərin Sığortalanması Fondu (ƏSF) lisenziyası ləğv edilmiş “Muğan Bank” ASC-nin əmanətçilərinə kompensasiya ödəməyə başlayıb və indiyənədək qorunan əmanətlərinin 60 %-dən çoxu kompensasiya olunub.
Maliyyə
1 Dekabr , 2023 16:17
“Muğan Bank”ın əmanətçiləri kompensasiyalarını necə ala bilər?

Noyabrın 27-dən Əmanətlərin Sığortalanması Fondu (ƏSF) lisenziyası ləğv edilmiş “Muğan Bank” ASC-nin əmanətçilərinə kompensasiya ödəməyə başlayıb və indiyənədək qorunan əmanətlərinin 60 %-dən çoxu kompensasiya olunub.

Kompensasiya ödənişləri agent banklar - “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank” ASC-lərin ölkə üzrə bütün filiallarında həyata keçirilir.

"Report"un əməkdaşları vasitəçi (agent) bankın - ABB-nin Binəqədi filialına baş çəkərək ödəniş prosesi ilə tanış olub.

ABB-nin məsul nümayəndəsi Könül Hilal deyib ki, kompensasiya ödənişlərinin almaq üçün müştərilər bankın istənilən filialına yaxınlaşa bilər: "Bunun üçün müştəri ona yaxın olan filiala yaxınlaşaraq qeydiyyat masasında əyləşən əməkdaşlarımıza özünün şəxsiyyət vəsiqəsini və müvafiq sənədləri təqdim edir və növbə götürərək əməliyyat zalına keçir. Şəxsiyyət vəsiqəsi ilə yanaşı əmanətin mövcudluğunu təsdiq edən sənədlər, hesabdan çıxarış mütləq şəkildə banka təqdim olunur. Əmanətin mövcudluğunu təsdiq edən sənədlər siyahısına isə əmanət müqaviləsi, müqaviləyə əlavə saziş, varsa əmanət kitabçası, əmanət müqaviləsinin əsli yoxdursa surət sənədi daxildir. Hesabdan çıxarış isə mütləq qaydada ləğvedicinin imzası və möhürü ilə təsdiq olunmalıdır. Bunun üçün vətəndaş ləğvediciyə yaxınlaşaraq bankın bağlandığı tarixə olan hesabdan çıxarışı əldə edir və daha sonra ləğvedicinin imza və möhürü ilə təsdiq edərək ABB-nin istənilən filialına təqdim edir".

"Muğan Bank"ın əmanətçilərinə kompensasiya ödəmək üçün dərhal vasitəçi (agent) bankda onların adına hesab açılır, vəsait həmin hesaba köçürülür, bundan sonra əmanətçilər kassaya yaxınlaşıb pullarını götürürlər. Ümumilikdə vətəndaşlar ödəniş prosesindən razı görünür. Onlardan biri İsmayıl Ələzov yaxşı xidmət göstərildiyini vurğulayıb və kompensasiya veriləcək vəsaitin həmin banka yerləşdirilməsi üçün illik faiz dərəcəsini 10 % olmasını təklif edib, həmçinin əmanət kitabçasının verilməsini istədiyini bildirib.

Diqər müştəri Əli Seyidov depozitinin rahat şəkildə götürdüyünü bildirib.

ƏSF-in Ümumi işlər departamentinin direktor müavini Emil Bayramov bildirib ki, ləğv prosesində olan “Muğan Bank”ın əmanətçilərinə kompensasiya ödənişi noyabrın 27-dən başlanılıb və ilk 3 gün ərzində qorunan əmanətçilərindən 3 664 nəfərə 120 milyon 703 min 552 manat kompensasiya ödənilib: "Bu, ödənilməsi nəzərdə tutulmuş ümumi kompensasiya məbləğinin 59 %-ni əhatə edir".

Qeyd edək ki, 2023-cü ilin III rübünün sonuna “Muğan Bank” üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 %-nin əmanətləri kompensasiya olunacaq.

"Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq sığortalanmış əmanət üzrə əmanətin 100 %-i qədər, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitlərinin isə 100 %-i qədər kompensasiya ödəniləcək.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının (AMB) qərarına əsasən, "Muğan Bank" ASC-nin lisenziyası 2023-cü ilin oktyabrın 19-da ləğv edilib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının oktyabrın 24-nə olan qərarı ilə “Muğan Bank” müflis elan edilib, ƏSF onun ləğvedicisi təyin olunub. "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq “Muğan Bank”da sığorta hadisəsi günü 24 oktyabr müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi