“Muğan Bank”a qarşı tələblərin yazılı şəkildə qeydə alınması müddəti uzadılıb

Maliyyə
  • 22 dekabr, 2023
  • 11:56
“Muğan Bank”a qarşı tələblərin yazılı şəkildə qeydə alınması müddəti uzadılıb

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan “Muğan Bank” ASC-yə qarşı tələblərin yazılı şəkildə qeydə alınması müddətini uzadıb.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2-3(103)-54/2023 nömrəli qərarı ilə “Muğan Bank” müflis elan edilib, ƏSF onun ləğvedicisi təyin olunub.

Oktyabrın 27-dən “Muğan Bank”a qarşı tələblərin yazılı şəkildə qeydə alınmasına başlanılıb. "Banklar haqqında" qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər müflisliyin elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alınmalıdır.

Adıçəkilən Qanunun 76.1-ci maddəsinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2-3(103)-54/2023 nömrəli qərarına əsasən, “Muğan Bank”a qarşı tələblərin yazılı şəkildə qeydə alınması müddəti 30 gün uzadılıb.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, 24 yanvar 2024-cü il tarixinə qədər tələblərinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

“Muğanbank”ın Baş ofisi.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 21B.

Əlaqə: 941.

Son xəbərlər

Bütün Xəbər Lenti