“Moody's”: “Kapital Bank” əməliyyat xərclərinin artması fonunda mənfəətin azalmasının qarşısını alır

Maliyyə
  • 09 iyul, 2025
  • 14:59
“Moody's”: “Kapital Bank” əməliyyat xərclərinin artması fonunda mənfəətin azalmasının qarşısını alır

“Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank” ASC-nin milli və xarici valyutada uzunmüddətli depozit reytinqlərini “Ba2” səviyyəsində, baza kredit göstəricisini (BCA) və düzəliş edilmiş BCA-nı “ba3” səviyyəsində, uzunmüddətli kontragent risk reytinqlərini (CRR) “Ba1”, uzunmüddətli kontragent risk qiymətləndirməsini (“CR Assessment”) isə “Ba1(cr)” səviyyəsində təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə agentliyin bankla bağlı yayımladığı son reytinq hesabatında bildirilir.

Bundan əlavə, milli və xarici valyutada qısamüddətli depozit reytinqləri, qısamüddətli CRR və “CR Assessment” reytinqləri “Not Prime” (NP) səviyyəsində təsdiqlənib. Uzunmüddətli depozit reytinqlərinin proqnozu isə “müsbət” olaraq saxlanılıb.

Agentlik qeyd edir ki, BCA-nın “ba3” səviyyəsində və depozit reytinqlərinin “Ba2” səviyyəsində təsdiqlənməsi bankın aktivlərinin yaxşı keyfiyyəti və mənfəətliliyi, sabit və əsasən depozitlərə əsaslanan maliyyələşmə strukturu, eləcə də yüksək likvidlik səviyyəsi ilə əsaslandırılır.

"2024-cü ilin sonuna problemli kreditlər ümumi kredit portfelinin 2,5 %-ni (2023-cü ildə bu göstərici 2 % idi) təşkil edib. Mövcud ehtiyatlar problemli kreditlərin təxminən 150 %-ni əhatə edir. Əverişli iqtisadi şərait fonunda aktivlərin keyfiyyətinin yaxın 12–18 ay ərzində sabit qalacağı gözlənilir.

Bank 2024-cü ildə 239 milyon manat xalis mənfəət əldə edib (2023-cü ildə - 282 milyon manat olub). Bu, müvafiq olaraq 2 % və 3,1 % maddi aktivlərin gəlirliliyinə uyğundur. Mənfəətin azalması maliyyələşdirmə xərclərinin və əməliyyat məsrəflərinin artması ilə əlaqələndirilir", - hesabatda deyilir.

Bununla belə, Moody’s hesab edir ki, gələcəkdə mənfəətlilik sabit xalis faiz marjası və komissiya gəlirlərinin artımı hesabına qorunacaq.

Bankın riskə çəkilmiş aktivlərə nisbətdə maddi kapital göstəricisi (TCE/RWA) 2024-cü ilin sonuna 11 % olub, bu da 2023-cü ildəki 13,5 %-lik göstəricidən aşağıdır. Bu azalma əsasən yüksək riskli aktivlərin artımı ilə bağlıdır. Agentlik növbəti 12–18 ay ərzində bu göstəricinin mülayim dividend siyasəti və aktivlərin artımı fonunda yaxşılaşacağını proqnozlaşdırır.

2024-cü ildə bankın orta kapital rentabelliliyi (RoAE) 22 % təşkil edib. Müştəri depozitləri 42 % artaraq qeyri-kapital maliyyələşmənin 85 %-ni əhatə edib. Bankın likvidlik səviyyəsi də yüksək olaraq qalır - aktivlərinin 37 %-i likvid vəsaitlərdən ibarətdir (nağd pul, AMB-dəki hesablar və likvid dövlət qiymətli kağızları).

"Moody’s" bildirir ki, “Ba2” səviyyəsində uzunmüddətli depozit reytinqləri bankın “ba3” səviyyəsindəki BCA göstəricisinə və dövlət dəstəyinin yüksək ehtimalına əsaslanır. Bu da “Kapital Bank”ın ölkədə kredit və depozit bazarında mühüm paya sahib üçüncü ən böyük bank statusu ilə izah olunur.

Agentlik əlavə edir ki, bu qiymətləndirmə bankın müstəqil kredit qabiliyyətinə bir əlavə səviyyə daxil edir və proqnoz Azərbaycanın suveren reytinqinin “müsbət” perspektivini əks etdirir. Bu da hökumətin ehtiyac yaranacağı halda bankı dəstəkləmək imkanlarının artdığını göstərir.

"Reytinqin yüksəldilməsi növbəti 12-18 ay ərzində “Kapital Bank”ın maliyyə göstəricilərinin (mənfəətlilik, kapital) daha da yaxşılaşması, Azərbaycanın suveren reytinqinin artırılması və əməliyyat mühitinin gücləndirilməsi hallarda mümkün ola bilər. Əksinə, makroiqtisadi sabitliyin pozulması, aktivlərin keyfiyyəti, mənfəətlilik və kapital adekvatlığının zəifləməsi reytinqin azaldılmasına səbəb ola bilər", - hesabatda bildirilib.