“Moody's”: Biznesin inkişafı və dividend ödənişləri “Bank of Baku”nun kapital adekvatlığına təsir edəcək
- 09 iyul, 2025
- 18:25
Yeniliklərdən dərhal xəbərdar olun!
"Moody’s” beynəlxalq reytinq agentliyi “Bank of Baku” ASC-nin milli və xarici valyutada uzunmüddətli depozit reytinqlərini “B1” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnoz “sabit” olaraq saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə agentliyin bankla bağlı yaydığı yeni reytinq hesabatında qeyd olunub.
Bundan əlavə, bankın baza kredit qiymətləndirməsi (BCA) “b1” səviyyəsində təsdiqlənib və yenidən qiymətləndirilib. Milli və xarici valyutada qısamüddətli depozit reytinqləri “Not Prime” (NP), uzunmüddətli və qısamüddətli kontragent risk reytinqləri (CRR) “Ba3/NP”, eləcə də kontragent risk qiymətləndirmələri (CRA) “Ba3(cr)/NP(cr)” səviyyəsində müəyyən olunub.
"Moody’s" bildirir ki, “b1” səviyyəsində BCA göstəricisi bankın son illərdə aktivlərin keyfiyyəti və mənfəətlilik sahəsində əldə etdiyi irəliləyişi əks etdirir. Eyni zamanda, reytinqin formalaşmasında bankın təminatsız istehlak kreditlərinə yönəlmiş biznes modelinin dövri risklərə həssaslığı və likvidlik mövqeyinin orta səviyyədə olması nəzərə alınıb.
"2020-ci ilin sonunda 8 % təşkil edən problemli kreditlərin payı 2024-cü ilin sonuna 2,6 %-ə enib. Bu, əsasən kredit təsdiqi meyarlarının sərtləşdirilməsi və miras qalan problemli portfelin həllinə yönəlmiş tədbirlərlə izah olunur. Hazırda bu kreditlər üzrə təminat səviyyəsi 93 %-ə çatır, bu isə potensial itkilər üçün möhkəm yastıq yaradır. Valyuta kreditlərinə ekspozisiya xalis kreditlərin 1 %-dən azını təşkil edir ki, bu da valyuta risklərini azaldır", - hesabatda qeyd olunur.
Ötən ilin sonuna bankın maddi əsas kapitalının risklə çəkilmiş aktivlərə (TCE/RWA) nisbəti 16,9 % (bir il əvvəl 17,3 % olub), ümumi aktivlərə nisbəti isə 18,5 % olub ki, bu da borc yükünün aşağı səviyyədə olduğunu göstərir. "Moody’s" qeyd edir ki, kapital mövqeyi əsasən bölüşdürülməmiş mənfəətin yüksək payı ilə dəstəklənir, lakin biznesin genişlənməsi və dividendlərin ödənilməsi fonunda növbəti 12-18 ayda kapital adekvatlığında müəyyən azalma müşahidə oluna bilər.
Hesabat dövründə bank 27,1 milyon manat xalis mənfəət əldə edib, bu da aktivlərin 2,8 %-lik gəlirliliyini təmin edib. "Moody’s" qeyd edir ki, bankın mənfəətliyi əsasən yeni və keyfiyyətli kredit portfelindən əldə edilən stabil faiz gəlirləri ilə dəstəklənir. Bununla belə, daxili bazarda depozitlər üzrə artan rəqabət və əvvəlki problemli kreditlərin yığımının tədricən azalması gəlirliliyə təzyiq göstərə bilər.
2024-cü ilin sonunda müştəri depozitləri bankın ümumi öhdəliklərinin 76 %-ni təşkil edib. Bank həmçinin uzunmüddətli dövlət vəsaitləri hesabına - əsasən ipoteka və sahibkarlığın maliyyələşdirilməsi məqsədilə - əlavə resurslar cəlb edib. Bu vəsaitlər bankın maddi aktivlərinin təxminən 15 %-ni əhatə edir. "Moody’s" bu maliyyələşmə strukturunu sabit, lakin orta dərəcədə yenidən maliyyələşmə riskinə məruz kimi qiymətləndirir.
Depozit portfeli əsasən pərakəndə müştərilərdən ibarət olub və çoxşaxəlidir. Bankın likvid aktivləri ümumi aktivlərin 15 %-ni təşkil edir ki, bu da sektor üzrə orta göstərici hesab olunur. Eyni zamanda, kredit portfelinin 34 %-i (aktivlərin 24 %-i) il ərzində qaytarılmalı olduğundan, bu vəziyyət likvidlik risklərini müəyyən dərəcədə azaldır.
Agentlik vurğulayır ki, “B1” səviyyəsindəki depozit reytinqləri hər hansı dövlət dəstəyi ehtimalını nəzərə almadan müəyyənləşdirilib. "Moody’s" hazırda bu ehtimalı aşağı qiymətləndirir.
“Sabit” proqnoz isə bankın növbəti 12–18 ay ərzində mövcud maliyyə sabitliyini qoruyacağı gözləntisinə əsaslanır. Əgər likvidlik, maliyyələşdirmə strukturu yüksək ödəmə qabiliyyətini saxlamaqla əhəmiyyətli dərəcədə yaxşılaşarsa, reytinqin artırılması mümkün ola bilər.
Əksinə, gəlirlilik, aktivlərin keyfiyyəti və ya mənfəətlilik göstəricilərinin zəifləməsi halında reytinqin aşağı salınması və ya proqnozun “mənfi”yə dəyişdirilməsi gündəmə gələ bilər.