"Moody's" "Bank of Baku"nun 156 %-lik yüksək kredit-depozit nisbətini mənfi hal hesab edir
- 09 avqust, 2022
- 14:46
“Moody's Investors Service” beynəlxalq reytinq agentliyi “Bank of Baku” ASC-nin əsas kredit reytinqini (BCA) "b3"dən "b2"yə, uzunmüddətli depozit reytinqini isə "B3"dən "B2"ə yüksəldib.
"Report" xəbər verir ki, bu barədə "Moody's"in məlumatında deyilir.
“Bankın BCA-in "b3"dən "b2"yə yüksəldilməsi onun təkmilləşdirilmiş aktiv keyfiyyətini və möhkəm kapital buferlərini əks etdirir. Yerli və xarici valyutada uzunmüddətli bank depozitlərinin reytinqlərini "B2" səviyyəsinə yüksəldilməsi bankın artan kredit etibarlılığını əks etdirir.
Bankın depozit reytinqləri dövlət dəstəyindən faydalanmır və buna görə də depozit reytinqləri bankın BCA göstəricisi ilə eyni səviyyədədir", - məlumatda deyilir.
“Bank of Baku”nun problemli kreditlər nisbəti 2020-ci ildəki 8,1 %-dən 2021-ci ilin dekabrına 3,3 %-ə enib.
Bank əsas diqqəti təminatsız istehlak kreditləşməsinə yönəldir və reytinq agentliyi Azərbaycanda daha güclü iqtisadi göstəricilərə baxmayaraq, kreditlərin keyfiyyətində məhdud irəliləyişlər gözləyir.
"Bununla belə, daha müsbət cəhəti odur ki, "Bank of Baku"nun kredit portfeli əsasən yerli valyutadadır və bu da onun məzənnə dəyişkənliyinə qarşı həssaslığını məhdudlaşdırır. Bundan başqa, bankın 2021-ci ilin dekabrına olan maddi adi kapitalın (TCE) riskli aktivlərə (RWA) nisbəti ilə ölçülən kapital adekvatlılığını 2021-ci ilin sonunda 21,1 % səviyyəsi və kapitalının ümumi aktivlərə nisbəti 22,6 % ilə möhkəm kapitala malikdir", - "Moody's" hesab edir.
Reytinq agentliyi kapital buferlərinin kredit itkilərini qarşılamaq üçün kifayət qədər bufer təmin edəcəyini gözləyir.
Maliyyələşdirməyə gəlincə, reytinq agentliyi "Bank of Baku"nun 2021-ci ilin sonuna 156 % olan yüksək kredit-depozit nisbətini mənfi kredit halı hesab edir.
"Bankın maddi aktivlərinin 22 %-ni təşkil edən maliyyə bazarlarından aslılığı Azərbaycanda reytinqlənən banklar arasında ən yüksək göstərici olub", - məlumatda deyilir.
Reytinq agentliyi bazar maliyyələşdirilməsini etimada daha həssas və bahalı hesab edir. Bununla belə, daha müsbət cəhət odur ki, bankın depozit bazası daha şaxəlidir və əmanətlər tarixən sabit olub, "Moody's" bildirir.
Bundan əlavə, agentlik hesab edir ki, bank 2021-ci ilin sonuna 21 %-lik likvid bank aktivlərinin əmsalı ilə likvid aktivlərin qənaətbəxş səviyyəsinə malikdir.