Milli Məclis yoxlamalar və valyuta tənzimi ilə bağlı qanunlara dəyişiklikləri təsdiqləyib

Milli Məclis yoxlamalar və valyuta tənzimi ilə bağlı qanunlara dəyişiklikləri təsdiqləyib Bakı. 12 fevral. REPORT.AZ/ Milli Məclis bu gün keçirilən plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini qəbul edib.
Maliyyə
12 Fevral , 2019 14:36
Milli Məclis yoxlamalar və valyuta tənzimi ilə bağlı qanunlara dəyişiklikləri təsdiqləyib
Report

Bakı. 12 fevral. REPORT.AZ/ Milli Məclis bu gün keçirilən plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini qəbul edib.

“Report” xəbər verir ki, dəyişiklik maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur.

Xatırladaq ki, sözügedən qanuna görə, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2020-ci ilin sonuna qədər dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə icazə verilir. Təklif edilən dəyişikliyə əsasən, bu siyahıya maliyyə bazarlarında aparılan yoxlamalar da əlavə edilib.

Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna da dəyişikliklər layihəsi də parlamentin bu gün keçiriıən iclasında qəbul olunub. Dəyişikliklə nəzərdə tutulur ki, bu qanun maliyyə bazarlarındakı yoxlamalara şamil edilməsin.

Maliyyə bazarlarının dövlət həyatında tutduğu yer və rol tələb edir ki, bu sahədəki fəaliyyətin tənzimlənməsinə və nəzarətə daha ciddi və fərdi yanaşmalar tətbiq edilsin, eləcə də bu sahədə aparılan yoxlamaların özünəməxsusluğu nəzərə alınsın. Qeyd olunanları əsas tutaraq, maliyyə bazarları sahəsində yoxlamaların ayrıca qanunla tənzimlənməsi nəzərdə tutulur. 

Bundan başqa, parlament Azərbaycanda "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini qəbul edib. Dəyişiklik valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutur.

Xatırladaq ki, qanunun 13-2.5-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti razılaşdırmalı idi. Təklif olunan dəyişikliklə bu məsələ aradan qaldırılır.

Qeyd edək ki, “Valyuta tənzimi haqqında” qanuna 2017-ci il aprelin 25-də edilmiş dəyişikliyə əsasən, valyuta mübadiləsi fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növüdür. Bu işlə banklar və milli poçt operatoru ("Azərpoçt" MMC) ilə yanaşı, fiziki şəxslər də məşğul ola bilərlər. 

Son xəbərlər

Orphus sistemi