Mərkəzi Bank “yaşıl” maliyyələşdirmə vasitəsilə dekarbonizasiyaya dəstək planı hazırlayıb
- 03 oktyabr, 2022
- 09:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankı (AMB) "yaşıl" inkişaf proqramını dəstəkləmək baxımından mühüm addım hesab olunan Dayanıqlı Maliyyə Yol Xəritəsi üzrə Fəaliyyət Planının (2022-2025) tətbiqinə başlayıb.
“Report” Dünya Bankının (DB) araşdırmasına istinadən xəbər verir ki, Azərbaycan üçün "yaşıl" maliyyə alətlərinin tam təhlili hələ aparılmasa da, aktivlərin şaxələndirilməsinin həm də vəsaitlərin artmasına səbəb ola biləcəyi ehtimal edilir.
“Yaşıl" inkişafın və aktivlərin şaxələndirilməsinin müfəssəl strategiyasının hazırlanması və siyasi fəaliyyətin həyata keçirilməsi Azərbaycanın dayanıqlı gələcəyini, daha təmiz ətraf mühiti və "yaşıl" inkişafı təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət sektorunun məqsədyönlü müdaxiləsi stimul yarada və iqtisadiyyatın daha ekoloji istiqamətə yönəldilməsi üçün etibarlı siyasi və hüquqi-normativ baza yaratmağa kömək edə bilər. İnkişaf etməkdə olan yaşıl sektorlar üçün insan kapitalının inkişafına investisiya qoyuluşu “yaşıl” və daha az çirkləndirici texnologiyalara özəl investisiyaları təşviq edəcək”, - araşdırmada deyilir.
Mərkəzi Bankın planına (i) AMB və digər sənaye assosiasiyaları çərçivəsində davamlı maliyyələşdirmə sahəsində bacarıq və potensialın inkişafı; (ii) ESG (yaşıl investisiyanı təşviq etmək üçün ekoloji, sosial və idarəetmə prinsipləri) mühitinin və risklərinin qiymətləndirilməsi, iqtisadi və maliyyə sektorlarında məlumatların açıqlanması və hesabatlılıq; (iii) davamlı maliyyələşdirmənin taksonomiyasının işlənib hazırlanması; (iv) ESG və daxili nəzarət sistemləri mühitinin yaradılması və risklərin idarə edilməsi; (v) dövlət-özəl mexanizmlərini və dayanıqlı maliyyə məhsullarını təkmilləşdirmək, yerli investorları stimullaşdırmaq və donor maliyyəsini səfərbər etmək üçün həvəsləndirici mexanizmlərin işlənib hazırlanması daxildir.
Dünya Bankı qeyd edir ki, bütün bu tədbirlər keçid dövründə xərcləri azaltmaqla yanaşı, inkişafın "yaşıllaşdırılma"sı ilə bağlı bazarın qeyri-müəyyənliyini minimuma endirməyə yönəlmiş addımlardır.
“Hökumətin "yaşıl" investisiyalara dəstəyi əsas şərtləri dəyişdirə, kapital bazarlarının və maliyyə institutlarının sabitliyini təmin edə bilər. Qısamüddətdə perspektivdə dövlət maliyyəsi əsas sosial və ekoloji problemlərin həllində mühüm rol oynayacaq. Qısamüddətli mənfəət əldə etmək zərurəti ilə üzləşmədiyindən o, bazarın formalaşmasında mühüm rol oynaya bilər”, – araşdırmada deyilir.