Milli Depozit Mərkəzi (MDM) beynəlxalq depozitarlarla əməkdaşlıq qurmaq üçün iş aparır.
"Report" xəbər verir ki, bunu MDM-in sədrinin müşaviri Müşfiq Əhmədli Bakıda keçirilən Maliyyə və İnvestisiya Forumunda bildirib.
"Kapital bazarının inkişafının əsas istiqamətlərindən biri onun qlobal bazarlarla inteqrasiyasıdır. Bu, həm yerli investorlar üçün xarici investisiya alətlərinə çıxış imkanlarının yaradılması, həm də xarici investorların yerli bazara etibarlı və rahat daxilolmalarının təmin olunması deməkdir. Bu istiqamətdə MDM olaraq konkret addımlar atmışıq", - deyə o qeyd edib.
MDM rəsmisinin sözlərinə görə, hazırda qurumun Türkiyənin Mərkəzi Qeydiyyat Təşkilatı (MKK) ilə birbaşa texniki və hüquqi əlaqəsi mövcuddur: "Bu əməkdaşlıq çərçivəsində hər iki ölkənin investisiya iştirakçıları müəyyən texniki prosedurlar vasitəsilə qarşılıqlı şəkildə bir-birinin bazarına çıxış əldə edə bilirlər. MDM və MKK arasında qurulan birbaşa əlaqə regional əməkdaşlıq baxımından böyük əhəmiyyətə malik olmaqla yanaşı, bizim bazar üçün ilk real təcrübə olub və gələcək beynəlxalq əlaqələrin qurulması üçün mühüm platforma rolunu oynayıb".
"Hazırda isə bizim üçün strateji əhəmiyyət daşıyan digər bir təşəbbüs "Clearstream"lə əməkdaşlıqdır. Bu beynəlxalq mərkəzi depozitar sistemində MDM-in hesab açması istiqamətində işlər aparılır. Qeyd etməliyəm ki, əməkdaşlıq hələ ilkin mərhələdədir, tərəflər arasında bir neçə raund görüşlər keçirilib, sənəd mübadiləsi və risk uyğunluğu üzrə ilkin məlumat təqdim olunub. Əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətləri və institusional investorların "Clearstream" platformasında təqdim olunan qlobal maliyyə alətlərinə – xüsusilə dövlət istiqrazlarına, beynəlxalq səhmlərə, ETF-lərə və digər likvid məhsullara birbaşa çıxışını təmin etməkdir. Bu hesabın açılması ilə yerli investorlar xarici bank hesabı açmadan, əlavə vasitəçilərə ehtiyac duymadan, öz ölkələrində, yerli infrastruktur üzərindən qlobal bazarlara sərmayə yatırmaq imkanına sahib olacaqlar", - deyə o əlavə edib.
M.Əhmədlinin sözlərinə görə, bu cür əlaqələrin yaradılması təkcə investor rahatlığı ilə yekunlaşmır: "Bazara çoxşaxəli təsirlər gözlənilir. İlk növbədə bazar likvidliyi artacaq, çünki yerli iştirakçılar portfellərini yalnız yerli qiymətli kağızlarla deyil, həm də beynəlxalq alətlərlə formalaşdıracaqlar. İkinci mühüm təsir isə daxili bazarın tələbat əsasında daha çevik inkişafıdır, çünki investorlar hansı məhsullara maraq göstərirsə, emitentlər və tənzimləyici orqanlar həmin istiqamətdə daha çox təşəbbüs göstərəcəklər.
Bundan əlavə, "Clearstream" standartlarına uyğunlaşmaqla MDM-in infrastrukturu daha da təkmilləşəcək və bu da gələcəkdə digər beynəlxalq platformalarla əməkdaşlıq üçün əlavə zəmin yaradacaq. Bu cür əlaqələr ölkəyə valyuta axınlarını artırmaq, institusional investorların marağını cəlb etmək və bütövlükdə bazara olan etibarı gücləndirmək baxımından da önəmlidir. Nəticə etibarilə, MDM tərəfindən beynəlxalq bazarlara çıxışın təmin olunması yalnız texniki layihə deyil, Azərbaycan kapital bazarının qlobal sistemə inteqrasiyasının əsas sütunlarından biridir. Bu addım investorlar üçün alternativ və daha rəqabətli imkanlar, bazar iştirakçıları üçün isə daha geniş xidmət spektri yaradacaq".