Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı görəcəyi işlər ölkədə buzların əriməsinin qarşısını 50 %-ə qədər azalda bilər.
"Report" xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) prezidenti Masatsuqu Asakava ADA Universitetində tələbələrlə görüşündə deyib.
O bildirib ki, görüləcək işlərə nümunə kimi istixana qazı emissiyalarının azaldılmasını demək olar: "Azərbaycan bu istiqamətdə addımlar atmağa hazırdır və 2030-cu ilə qədər ölkədə enerjinin 30 %-nin bərpa olunan enerji mənbələrindən təmini hədəf kimi qoyulub. Hər kəs ekoloji problemlərə qarşı birlikdə fəaliyyət göstərməlidir. ADB də Azərbaycanla əməkdaşlıqda qərarlıdır".
M. Asakava qeyd edib ki, bəzi insanlar qlobal istiləşməni uzaq gələcək üçün təhdid hesab edir: "Bu doğru yanaşma deyil və qlobal istiləşmənin artıq gəlişi ilə bağlı təhdid mesajları verir. Azərbaycanda da iqlim dəyişiklikləri ilə bağlı təhdidlər var. Təəssüflə bildirmək istəyirəm ki, hazırda dağlarda buzlar sürətlə əriyir və şirin su ehtiyatları tükənməyə doğru gedir.
İqlim dəyişikliyinin yaratdığı təhdidlər məni çox narahat edir. Buzların əriməsi həm dağlıq bölgədə, həm də digər ərazilərdə yaşayanlar üçün ciddi problemə çevrilir".
ADB prezidenti diqqətə çatdırıb ki, dünyada artan köç, ticarət zəncirinin pozulması, qiymətlərin dəyişməsi ilə gələcəkdə yaranacaq çətinlikləri nəzərə alaraq, hazırda maddi vəziyyətin yaxşı olmasından istifadə edib mövcud qlobal problemlərə qarşı birgə fəaliyyət göstərilməlidir.