Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 27 nəfər vəzifəli şəxsə 26,8 min manat məbləğində cərimələr tətbiq edib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsini təmin edib.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, cərimələr yoxlamalar zamanı nəzarət obyektlərində, yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq mühafizə orqanlarına göndərilmiş nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə tətqib olunub.
Dövlət Xidməti hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərib, müvafiq tövsiyələr verib.