Maliyyə naziri gürcü həmkarı ilə görüşüb

Maliyyə naziri gürcü həmkarı ilə görüşüb Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün maliyyə naziri Samir Şərifov Gürcüstandan olan həmkarı Mamuka Baxtadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Maliyyə
22 Dekabr , 2017 17:14
Maliyyə naziri gürcü həmkarı ilə görüşüb

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün maliyyə naziri Samir Şərifov Gürcüstandan olan həmkarı Mamuka Baxtadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, azərbaycanlı nazir həmkarını maliyyə naziri təyin olunması münasibətilə təbrik edərək yeni vəzifədə ilk rəsmi səfərini Azərbaycana etməsini yüksək qiymətləndirib və bunun iki ölkə arasında mövcud olan yüksəksəviyyəli siyasi və iqtisadi əlaqələrin bariz nümunəsi olduğunu vurğulayıb.

Son illər ölkədə həyata keçirilən iqtisadi islahatlar barədə danışan S.Şərifov bildirib ki, hazırda Azərbaycan yeni iqtisadi modelə keçid mərhələsindədir. Fiskal, monetar və institusional islahat tədbirləri nəticəsində makroiqtisadi göstəricilərdə müsbət meyllər müşahidə olunmaqdadır.

Nazirin sözlərinə görə, bu ilin ilk 11 ayında Azərbaycan və Gürcüstanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 47% artaraq 493,2 mln. ABŞ dolları olub. Bundan başqa, Azərbaycan Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların məbləğinə görə birinci sıradadır.

Ölkəsinin vacib tərəfdaşı və əsas investoru kimi Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirən M.Baxtadze Gürcüstanın büdcə-vergi sistemi, qiymətli kağızlar bazarı barədə məlumat verərək iki ölkənin maliyyə qurumları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.

Görüşdə tranzit imkanları, yeni istismara verilmiş və Azərbaycan və Gürcüstanın ticarət və investisiya münasibətlərində mühüm yerə malik olan Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” kimi layihələrin qlobal miqyasda əhəmiyyətindən bəhs olunub, bu tranzit və nəqliyyat xətlərinin iki ölkənin iqtisadi əməkdaşlığı üçün böyük imkanlar yaratdığı vurğulanıb.

Gürcüstanın nümayəndə heyəti Azərbaycanda hazırda tətbiq olunan müasir “bulud” texnologiyaları üzərində qurulmuş büdcə təşkilatlarının resurslarını idarə edən və dövlət müəssisələrinin maliyyə və mühasibatlıq hesabatlarını tərtib edən avtomatlaşdırılmış informasiya sistemi (FARABI) ilə tanış olublar. Bundan əlavə, qeyd olunan sistem ilə inteqrasiya olunmuş və real vaxt rejimində bütün xəzinə və bank əməliyyatlarını həyata keçirən və faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi qonaqlarda böyük maraq yaradıb.

Sonra M.Baxtadze Maliyyə Nazirliyinin muzeyi ilə tanış olub və xatirə kitabına ürək sözlərini yazıb.

Son xəbərlər

Orphus sistemi