Maliyyə Monitorinqi Xidmətinin büdcəsi 57 %-dən çox artıb

Maliyyə
  • 13 may, 2024
  • 08:02
Maliyyə Monitorinqi Xidmətinin büdcəsi 57 %-dən çox artıb

2023-cü ildə Maliyyə Monitorinqi Xidməti (MMX) 4,324 milyon manat gəlir əldə edib.

"Report" xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 57,2 % çoxdur.

Ötən il MMX-nın xərci və onun dinamikası da elə bu qədər olub. O cümlədən qurumun insan resursları üzrə xərcləri 3,771 milyon manat (illik müqayisədə 54,5 % çox), köhnəlmə və amortizasiya xərcləri 128 min manat (6,7 % çox), inzibati xərcləri 425 min manat (2,2 dəfə çox), məzənnə fərqindən zərəri isə 52 manat (24,4 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə MMX-nın aktivləri 10,804 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 34,8 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 58,3 % artaraq 7,577 milyon manata çatıb, balans kapitalı isə dəyişməyərək 3,227 milyon manat olub.

Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.

44 filmi