Listinq Məsləhət Proqramı üzrə əməkdaşlıq haqqında sazişə yeni tərəfdaş qoşulub

Listinq Məsləhət Proqramı üzrə əməkdaşlıq haqqında sazişə yeni tərəfdaş qoşulub LMP layihəsinin tərəfdaşalarının sayı 12-yə çatıb
Maliyyə
14 Mart , 2017 12:33
Listinq Məsləhət Proqramı üzrə əməkdaşlıq haqqında sazişə yeni tərəfdaş qoşulub

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycanın kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – Listinq Məsləhət Proqramı (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş olaraq “RSM Azerbaijan” audit şirkəti də qoşulub.

"Report" bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.

Əməkdaşlıq haqqında sazişə əsasən, "RSM Azerbaijan" müştəri portfelində olan və maliyyə cəlb etmək istəyən şirkətləri LMP-yə yönəldəcək (hazırda BFB ilə birgə şirkətlərin siyahısı müəyyənləşdirilir), LMP çərçivəsində BFB-yə müraciət etmiş emitentlərə kapital bazarından maliyyələşmə istiqamətində ödənişsiz tövsiyə və təlim xidmətləri təqdim edəcək, həmçinin BFB-yə kapital bazarları vasitəsi ilə alternativ maliyyələşmə alətləri/mexanizmləri yaratmaqda köməklik göstərəcək.

Xatırladaq ki, 16 aprel 2014-cü ildə təqdimatı keçirilən LMP layihəsinin "RSM Azerbaijan" da daxil olmaqla hazırda 12 tərəfdaşı (KPMG, "Baker&Tilly", "PwC" və "Ernst&Young" audit şirkətlərinin Azərbaycan ofisləri, "Dentons" və "Baker&McKenzie" hüquq şirkətlərinin Azərbaycan ofisləri, Yüksək Texnologiyalar Parkı, investisiya şirkətləri olan "Paşa Kapital" MMC, "İnvest-Az" MMC, "AzFinance İnvest" MMC və "Unicapital" ASC) var.

Qeyd edək ki, Listinq Məsləhət Proqramı Azərbaycan Prezidentinin 16 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı (2011-2020-ci illər) çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi və BFB-nin müvafiq strategiyasına uyğun həyata keçirilir.

LMP çərçivəsində kapital bazarından maliyyələşmək niyyətində olan şirkətlərə bu sahədə BFB-nin, habelə digər peşəkarların – auditorların, broker şirkətlərinin, hüquq, ictimaiyyətlə əlaqələr üzrə ixtisaslaşmış şirkətlərin peşəkar və tam ödənişsiz əsaslarla məsləhət xidmətləri nəzərdə tutulub. Proqram kapital bazarlarından maliyyələşmə imkanlarının təşviqi, şirkətlərin təlimi və potensial emitentlərə əlverişli şərtlərlə uzunmüddətli və ucuz maliyyə resurslarına çıxış istiqamətində kömək göstərilməsi tədbirlərini əhatə edir.

Son xəbərlər

Orphus sistemi