"Legion Financial" 2 milyon manatlıq istiqraz buraxır

Maliyyə
  • 03 fevral, 2025
  • 08:39
Legion Financial 2 milyon manatlıq istiqraz buraxır

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 2 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 17 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulub.

Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Onun səhmlərinin 39,5 %-i Turan İsmayılova, 31,6 %-i Ramin Süleymanlıya, 10,5 %-i Rövşən Sultanova, 13 %-i Böyükağa Məmmədova, 5,4 %-i isə Belarus vətəndaşı Kolas Konstantinə məxsusdur. T.İsmayılov həm də “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.