Laosun Mərkəzi Bankı “Lao Digital Assets Exchange” və “Bitqik” kriptovalyuta şirkətlərinə ölkədə ticarət əməliyyatları həyata keçirmək icazəsi verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunlar, ölkədə müvafiq icazə əldə etmiş ilk kriptovalyuta şirkətləri olub.
Şirkətlərin Laos hökumətinin normativ tələblərinə riayət etməklə bu ilin aprel ayında tam fəaliyyətə başlayacağı gözlənilir.
Xatırladaq ki, 2021-ci ilin noyabr ayında Laos hökuməti ölkədə kriptovalyuta hasilatına və onlar vasitəsilə ticarət əməliyyatlarının həyata keçirilməsinə icazə verib. Hökumət bu cür fəaliyyət göstərmək üçün icazə alacaq şirkətlərə öz fəaliyyət qabiliyyətini təsdiq etmək üçün Mərkəzi Banka 5 milyon ABŞ dolları məbləğində depozit təqdim etməyi tələb edib. Bundan başqa, şirkətlər əldə etdikləri gəlirin 15%-i həcmində vergi ödəməlidir.