"Kredex" BOKT maliyyə vəziyyətini açıqlayıb
- 22 may, 2024
- 11:30
“Kredex” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 723 min manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 18,1 % çoxdur.
Ötən il “Kredex”in vergiyəqədərki mənfəəti 906 min manat (əvvəlki ilə nisbətən 18,1 % çox), mənfəət vergisi ödəmələri 183 min manat (18,8 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Kredex”in aktivləri 6,768 milyon manat olub ki, bu da illik müqayisədə 41,4 % çoxdur. Bunun 6,532 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 43,1 % böyüyüb.
Hesabat dövründə “Kredex”in öhdəlikləri 48,2 % artaraq 5,745 milyon manata, balans kapitalı isə 12,2 % artaraq 1,023 milyon manata çatıb.
Xatırladaq ki, “Kredex” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.