Kot-d'İvuar Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD) qoşularaq onun 76-cı səhmdarı olub.
“Report” EBRD-yə istinadən xəbər verir ki, bu ölkə 2023-cü ilin avqustunda Avropa Yenidənqurma və İnkişaf Bankına qoşulmaq üçün müraciət edib və həmin ilin oktyabrında İdarəedicilər Şurası onun üzvlüyünü təsdiqləyib.
Kot-d'İvuar benefisiar ölkə kimi, EBRD-nin maliyyə və siyasi dəstəyindən faydalanacaq.
“2025-ci ildə əsas məqsədimiz Böyük Səhradan cənubdakı Afrika ölkələrində fəaliyyətimizi başlamaqdır. Özəl sektorun inkişafı və siyasi dialoq vasitəsilə iqtisadi artıma dəstək vermək sahəsində təcrübəmizi tətbiq etməyi səbirsizliklə gözləyirik”, - EBRD-nin prezidenti Odil Renaud-Basso bildirib.
Kot-d'İvuarın maliyyə və büdcə naziri Adama Kulibali isə deyib ki, ölkəsinin bu banka üzv olması çox yaxşı imkanlar yaradır: “Hazırda ölkənin inkişaf siyasətini həyata keçirmək üçün maliyyələşmə səfərbər edə biləcəyi yeni strateji tərəfdaşı var. Kot-d'İvuar EBRD ilə struktur layihələrini maliyyələşdirmək və iqlim dəyişikliyi kimi qlobal çağırışlarla mübarizə aparmaq istiqamətində fəaliyyət göstərmək niyyətindədir. Avropa Yenidənqurma və İnkişaf Bankı həmçinin Kot-d'İvuarda özəl sektorunun maliyyələşdirməsi üçün katalizator rolunu oynayacaq”.
Qeyd edək ki, EBRD-nin hazırda Avropa İttifaqı və Avropa İnvestisiya Bankı ilə yanaşı 74 milli səhmdarı var.
Qafqazda ən böyük institusional investor olan EBRD Azərbaycanda 30 ildən çoxdur ki, fəaliyyət göstərir. Bank ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 190 layihəyə 3,7 milyard avro investisiya yatırıb.