Koronavirusa qarşı yeni istiqrazlar buraxılıb

Koronavirusa qarşı yeni istiqrazlar buraxılıb Yeni İnkişaf Bankı (NDB) COVID-19 virusuna qarşı tədbirlərdə Çinə kredit proqramı üçün maliyyə mənbəsi əldə etmək məqsədilə bu ölkənin banklararası bazarında 5 milyard vuan (704,2 milyon ABŞ dolları) məbləğində üçillik yuanlı istiqrazlar yerləşdirib.
Maliyyə
3 Aprel , 2020 18:28
Koronavirusa qarşı yeni istiqrazlar buraxılıb

Yeni İnkişaf Bankı (NDB) COVID-19 virusuna qarşı tədbirlərdə Çinə kredit proqramı üçün maliyyə mənbəsi əldə etmək məqsədilə bu ölkənin banklararası bazarında 5 milyard vuan (704,2 milyon ABŞ dolları) məbləğində üçillik yuanlı istiqrazlar yerləşdirib.

“Report” bu barədə bankın saytındakı açıqlamaya istinadən xəbər verir. 

“Bu istiqrazları buraxmaqda məqsəd COVID-19-dan daha çox zərər çəkmiş Hubey, Quanqdonq, Henan əyalətlərindəki ictimai səhiyyə məsrəflərini maliyyələşdirməkdə Çin hökumətinə dəstək verməkdir. İstiqrazlardan əldə edilən vəsaitlər bütövlükdə Çin üçün bankın Direktorlar Şurası tərəfindən 19 mart 2020-ci il tarixində təsdiqlənmiş 7 milyard yuanlıq (985 milyon ABŞ dolları) Fövqəladə Dəstək Proqramının maliyyələşdirilməsinə sərf ediləcək. Həmin kredit vəsaitləri üç əyalətin səhiyyə sektorunun dayanıqlılığını yaxşılaşdırmağa maddi dəstək olacaq”, - açıqlamada bildirilir.

Bütövlükdə 15 milyard yuan məbləğində buraxılmış Koronavirusla Mübarizə İstiqrazlarının 41 faizi Çinin qitə hissəsinə, 45 faizi Avropa, Orta Şərq və Afrikaya, 14 faizi Asiya – Sakit Okean regionuna bölüşdürülüb. Vəsaitlərin 54 faizi mərkəzi banklar və rəsmi qurumların, 45 faizi bank sektorunun, 1 faizi təhlükəsizlik qurumlarının payına düşür.

Qeyd edək ki, NDB BRİCS ölkələri – Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası tərəfindən həm üzv, həm də başqa inkişaf edən ölkələrdə infrastruktur və dayanıqlı inkişaf layihələri üçün vəsait cəlb etmək, dünyada artım və inkişaf üçün beynəlxalq və regional maliyyə təsisatlarının səylərini dəstəkləmək məqsədilə təsis edilib. Bankın baş katibliyinə görə, NDB-nin 2017-2021-ci illər üçün əməliyyat strategiyasının təməlini dayanıqlı infrastrukturun inkişafı təşkil edir.

Son xəbərlər

Orphus sistemi