İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2020-ci ildə 13,203 milyon manat gəlir əldə edib, agentliyin xərcləri də elə bu qədər olub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müüqayisədə 72,2% çoxdur.
KOBİA-nın ötənilki gəlirlərinin hamısı sair əməliyyat gəlirləri olub. Agentliyin xərclərinə gəlincə isə, istifadə edilmiş material ehtiyatlarına 356 min manat (əvvəlki ilə nisbətən 2,6 dəfə çox), işçi heyətinə 6,901 milyon manat (48,1% çox), amortizasiyaya 450 min manat (43,3% çox), digər əməliyyatlara 5,481 milyon manat (2,1 dəfə çox), sair əməliyyatlara isə 14 min manat (17 dəfə çox) xərc çəkilib.
Bu il yanvarın 1-nə KOBİA-nın aktivləri 24,26 milyon manat olub ki, bu da illik müqayisədə 42,1% çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 84,1% artaraq 15,725 milyon manata çatıb, balans kapitalı isə dəyişməyərək 8,534 milyon manat qalıb.
Xatırladaq ki, KOBİA ölkə prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10,126 milyon manatdır. Qurum ölkədə kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.