Bu gün “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanındakı inzibati binasında olub.
Yığıncaqda səhmdarlara əlavə dividend ödənilməsinə qərar verilib. Dividendin məbləği hər səhm üçün 3,24 manat təşkil edəcək. Ödəniş 5 ay ərzində (iyun, iyul, avqust, sentyabr və oktyabr aylarında) həyata keçiriləcək.
Xatırladaq ki, "Kapital Bank"ın səhmdarlarının aprelin 1-nə keçirilmiş yığıncağında Bankın 2019-cu ildəki xalis mənfəətinin təxminən 60%-i qədər (dövriyyədə olan 12,39 manat nominal dəyərə malik 18 228 410 ədəd adi və imtiyazlı səhmin hər birinə 4,6 manat) dividend ödənilməsinə qərar verilmişdi. Mənfəətin qalan hissəsi isə koronavirus (COVID-19) pandemiyasının mümkün mənfi təsirləri üçün ehtiyat kimi saxlanılmışdı. Beləliklə, 1 səhm üçün dividendin məbləği 7,84 manata çatdırılıb.
“Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 225,85 milyon manatdır. Bankın səhmlərinin 86,6%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 8,9%-i "PAŞA Sığorta" ASC-yə, 4,4%-i "PAŞA Həyat Sığorta" ASC-yə, 0,1%-i isə fiziki şəxslərə məxsusdur.