“Kapital Bank”ın xalis mənfəəti 15 % artıb
- 18 iyul, 2023
- 12:29
“Kapital Bank” ASC bu ilin I yarısını 146,691 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 15,4 % çoxdur.
Yanvar-iyun aylarında “Kapital Bank”ın gəlirləri 541,6 milyon manat (illik müqayisədə 12,8 % çox), xərcləri 327,372 milyon manat (27,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 28,091 milyon manat (2,2 dəfə az), mənfəət vergisi ödəmələri isə 39,446 milyon manat (8,3 % çox) təşkil edib.
Bu il iyulun 1-nə “Kapital Bank”ın aktivləri 7 944,408 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,4 % çoxdur. Bunun 3 152,879 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 14,9 % böyüyüb.
Hesabat dövründə “Kapital Bank”ın öhdəlikləri 2 % artaraq 7 121,049 milyon manata, o cümlədən depozit portfeli 2,5 % artaraq 6 238,948 milyon manata, balans kapitalı isə 31,2 % artaraq 823,359 milyon manata, o cümlədən nizamnamə kapitalı 8,1 % artaraq 265,85 milyon manata çatıb.
Xatırladaq ki, “Kapital Bank” 2006-cı ilsdə yaradılıb. Bankın səhmlərinin 81,08%-i “PAŞA Holdinq” MMC-yə, 18,92 %-i isə digər hüquqi və fiziki şəxslərə aiddir.