“Kapital Bank”ın manat istiqrazlarının 2-ci tranşına 39 investor maraq göstərib

Maliyyə
  • 27 iyun, 2024
  • 14:13
“Kapital Bank”ın manat istiqrazlarının 2-ci tranşına 39 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Kapital Bank” ASC-nin 100 milyon manatlıq istiqrazlarının 50 milyon manatlıq 2-ci tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 500 min ədəd istiqraz premium bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. İstiqrazlara 39 investor 50 milyon manatlıq 39 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.