“Kapital Bank”ın manat istiqrazlarının ilk tranşı üzrə hərracın tarixi açıqlanıb
- 31 may, 2024
- 13:40
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 10-da "Bakı Fond Birjası" QSC-də (BFB) “Kapital Bank” ASC-nin 100 milyon manat dəyərində istiqrazlarının 50 milyon manatlıq ilk tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.
Məlumata görə, istiqrazlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Abunə yazılışı iyunun 3-7-də baş tutacaq.
Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz premium bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.