“Kapital Bank”ın aktivləri 34% artıb

“Kapital Bank”ın aktivləri 34% artıb Bank I rübü 31 mln. manata yaxın xalis mənfəətlə başa vurub
Maliyyə
12 Aprel , 2017 13:28
“Kapital Bank”ın aktivləri 34% artıb

Bakı. 12 aprel. REPORT.AZ/ “Kapital Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 3 132,313 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 34,1% çoxdur.

“Kapital Bank”ın aktivlərinin 38,8%-ni və yaxud 1 215,823 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son bir ildə Bankın kredit portfeli 2,9% böyüyüb.

Hesabat dövründə “Kapital Bank”ın cəmi öhdəlikləri 38,8% artaraq 2 819,43 mln. manata, o cümlədən depozit portfeli 90% artaraq 2 106,259 mln. manata çatıb. Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə olmayıb.

Bu ilin I rübündə “Kapital Bank”ın faiz gəlirləri 66,642 mln. manat, faiz xərcləri 24,266 mln. manat, qeyri-faiz gəlirləri 36,416 mln. manat, qeyri-faiz xərcləri isə 34,707 mln. manat təşkil edib. Son nəticədə, Bankın xalis əməliyyat mənfəəti 44,086 mln. manat olub.

“Kapital Bank” aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 5,689 mln. manat yönəldib, gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən 13 min manat xərcə düşüb, 7,591 mln. manat isə mənfəət vergisi ödəyib. Bununla da, Bank rübü 30,793 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 185,85 mln. manatdır. Bankın səhmlərinin 99,87%-i "PAŞA Holdinq"ə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi