“Kapital Bank” maliyyə vəziyyətini açıqlayıb
- 16 aprel, 2024
- 08:19
“Kapital Bank” ASC bu ilin I rübünü 71,393 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 14,5 % azdır.
Yanvar-mart aylarında “Kapital Bank”ın gəlirləri 323,499 milyon manat (illik müqayisədə 21,2 % çox), xərcləri 209,647 milyon manat (35,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 22,782 milyon manat (2,6 dəfə çox), mənfəət vergisi ödəmələri isə 19,677 milyon manat (0,8 % az) təşkil edib.
Bu il aprelin 1-nə “Kapital Bank”ın aktivləri 8 766,814 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 13,4 % çoxdur. Bunun 3 918,68 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 37,5 % böyüyüb.
Hesabat dövründə “Kapital Bank”ın öhdəlikləri 14,2 % artaraq 7 787,179 milyon manata, o cümlədən depozit portfeli 12,9 % artaraq 6 673,562 milyon manata, balans kapitalı isə 8,1 % artaraq 979,635 milyon manata çatıb.
"Kapital Bank” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın səhmlərinin 81,08%-i “PAŞA Holdinq” MMC-yə, 18,92 %-i isə digər hüquqi və fiziki şəxslərə aiddir.