"Kapital Bank" 10 % gəlirliyi ilə manatla istiqrazlar buraxacaq
- 17 may, 2024
- 08:08
Yeniliklərdən dərhal xəbərdar olun!
"Kapital Bank" ASC 100 milyon manat ətrafında istiqraz emissiyasını planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Kapital Bank"ın İdarə Heyətinin sədri Fərid Hüseynov 2023-cü ilin maliyyə nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, istiqrazların gəlirliliyi 10 % olacaq və məbləği bazarın tələbatına uyğun olaraq müəyyən olunacaq: "İstiqrazların ilkin tranşı 50 milyon manat, faiz dərəcəsi 10 % təşkil edəcək. İstiqraz buraxılışı daha sonra bazarın davranışına uyğun tənzimlənəcək".
F. Hüseynov əlavə edib ki, əhalinin "Kapital Bank"ın istiqrazlarına marağı yüksəkdir: "Biz bunu dollar ifadəsində dövriyyəyə buraxılan istiqrazlarda müşahidə etdik. Dollar istiqrazlarının 82 %-i fiziki şəxslər tərəfindən əldə edilib".
Xatırladaq ki, "Kapital Bank" bu il 35 milyon ABŞ dollarlıq istiqraz buraxıb. Bank hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 350 min ədəd olan istiqraz emissiya edib. "Kapital Bank"ın dollar istiqrazları üzrə illik faiz dərəcəsi 7 %, istiqrazların tədəvül müddəti isə 7 ildir.
İstiqrazların 7 illik müddətə buraxıldığı qeyd edilsə də, emissiya prospektində bildirilir ki, 2 ildən sonra istiqrazlar geri çağrıla bilər.
Xatırladaq ki, "Kapital Bank"ın təklif etdiyi 7 %-zlik gəlir – Azərbaycanda son illər dollar istiqrazları üzrə təklif olunan ən böyük gəlirlilikdir. Yeni istiqrazların gəlirliyi dollarla bank əmanətlərindən isə dəfələrlə artıqdır. Belə ki, hazırda banklar dollar əmanətini maksimum 3-3,5 %-lə qəbul edirlər