Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) Azərbaycanda 2030-cu ilədək inkişaf planlarına uyğun olaraq mühüm layihələrin maliyyələşdirilməsində fəal iştirakda maraqlıdır.
"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan ITFC-nin Baş icraçı direktoru Hani Salem Sonbol jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, korporasiyanın diqqəti əsasən, bərpa olunan enerji kimi strateji layihələr üzərində olacaq: "Biz Azərbaycanın kiçik və orta sahibkarları ilə əməkdaşlığı gücləndirmək niyyətindəyik. Bu yaxınlarda "Rabitəbank" ASC ilə mühüm müqavilə imzaladıq. Əminəm ki, bu, tərəfdaşlığımızı daha da gücləndirəcək. Bizim xidmətlərimiz həm dövlət, həm özəl sektorda istifadə oluna bilər. Azərbaycanla daha fəal əməkdaşlığa çalışırıq, regionun inkişafına töhfə vermək üçün böyük potensial görürük".